İnkişaf edən maliyyə-iqtisadi münasibətlər şəraitində ölkədə banklarla yanaşı, bank olmayan kredit təşkilatları da fəaliyyət göstərir.
Bank olmayan kredit təşkilatlarının fəaliyyəti “Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bank olmayan kredit təşkilatı xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.
Bank olmayan kredit təşkilatlarının (bundan sonra – BOKT-ların) dövlət qeydiyyatına alınması prosesi ilk baxışdan asan görünə bilər. Lakin, əslində hüquqi şəxslərin dövlət qeydiyyatına alınması elə bir prosesdir ki, biznesin gələcək taleyi onun düzgün aparılmasından asılıdır. Təsis sənədlərindəki səhvlər və ya əhəmiyyətli qeydiyyat proseduru pozuntuları, dövlət qeydiyyatına alınma prosesini poza və ləngidə bilər. Məhz buna görə də şirkətlərin dövlət qeydiyyatına alınması prosesin hüquqi əsaslarını yaxşı bilən və bütün formal prosedurun keçirilməsi üçün optimal şərtləri təmin etməyə qabil olan peşəkar hüquqşünasa həvalə olınmalıdır. Peşəkarların cəlb edilməsi yolu ilə hüquqi şəxslərin dövlət qeydiyyatına alınması düzgün formada, asan və operativ həyata keçirilir.
SMALL MEDIUM ENTERPRISES Konsaltinq Şirkətinin hüquqşünasları uzun müddətdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və lisenziyanın alınması sahəsində fəaliyyət göstərirlər və hüquqi şəxslərin təsis edilməsi ilə yanaşı qeydə alınmış faktların sonrakı dəyişiklikliyinin qeydiyyata alınmasını müşayiət edirlər. Hüquqi şəxsin dövlət qeydiyyatı və lisenziyanın alınması ilə əlaqədar yaxşı təşkil olunmuş iş Sizin istənilən təşkilati–hüquqi formaya malik şirkətinizin ən qısa müddətdə qeydiyyata alınmasına imkan verir.
Şirkətinizin fəaliyyəti prosesində iştirakçıların tərkibinin dəyişdirilməsi, nizamnamə kapitalının artırılması və ya azaldılması, faktiki və ya hüquqi ünvanın, təşkilati – hüquqi formasının, icra orqanlarının dəyişdirilməsi, həmçinin digər növ dəyişikliklərin aparılması zərurəti meydana çıxa bilər. Bu və ya istənilən digər qeydə alınmış faktların sonrakı dəyişikliklərin qeydiyyata alınmasında bizim hüquqşünaslar Sizə məmnuniyyətlə yardım edə bilərlər.
SMALL MEDIUM ENTERPRISES Konsaltinq Şirkəti hüquqi şəxslərin dövlət qeydiyyatı və lisenziya alınmasında sizə etibarlı və professional xidmət göstərmək imkanına malikdir.
BOKT-un təşkilati strukturuna və inzibaçılarına dair tələblər.
BOKT-lər Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər.
BOKT-lər iki növə bölünürlər:
– girov əmanəti qəbul etmək hüququ olan;
– girov əmanəti qəbul etmək hüququ olmayan.
BOKT-un adında “Bank olmayan kredit təşkilatı” sözləri mütləq göstərilməlidir. BOKT sənədlərində, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adın göstərilməsi yolverilməzdir. Eyni zamanda, dövlət qeydiyyatına alınmış və fəaliyyətdə olan bankların, kredit ittifaqlarının və digər bank olmayan kredit təşkilatlarının adlarından BOKT-un istifadə etməsi qadağandır.
Təşkilati-hüquqi formasından asılı olmayaraq BOKT-nin təşkilati strukturunda ən azı aşağıdakı vəzifələr nəzərdə tutulmalıdır:
- rəhbər (direktor, kollegial icra orqanının rəhbəri);
- mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri);
- kredit mütəxəssisi;
- daxili auditor.
BOKT-nin inzibatçıları ali təhsilə və ən azı 1 illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və ən azı 1 illik iş təcrübəsinə və ya ora ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır.
Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-də inzibatçı ola bilməzlər.
BOKT-un nizamnamə kapitalı
BOKT-un minimum nizamnamə kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-un təsisçilərinin əmlak haqları pul şəklində ödənilməlidir. Nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılır.
BOKT-lərin nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) dair minimum tələblər aşağıdakı kimi müəyyən edilir:
– kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üçün – 300 (üç yüz) min manat;
– qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün – 30 (otuz) min manat.
BOKT-lərin dövlət qeydiyyatına alınması.
BOKT-lərin dövlət qeydiyyatı dedikdə, ölkə ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, eləcə də xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsi anlaşılır.
BOKT-un dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:
- təsisçi (təsisçilər) fiziki şəxs olduqda – onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
– təsisçi (təsisçilər) hüquqi şəxs olduqda – onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
– ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda, habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar;
– müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
– təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar. Təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır;
– dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
– təsisçi hüquqi şəxs olduqda, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
– təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
– qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda, onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
– hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
– qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
– fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
– təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd.
BOKT-ların dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilir. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, “Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.
Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.
Müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.
BOKT-a verilmiş Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması üçün əsas sənəddir və bunlar üçün hər hansı əlavə sənəd tələb edilmir.
Lisenziyanın alınması üçün müraciət
Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lar tərəfindən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır:
- təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
- dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
- minimum nizamnamə kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
- təşkilati strukturu haqqında məlumat;
- inzibatçıların peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat ;
- maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
- inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
- xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-un Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
- lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
Təqdim olunması nəzərdə tutulmuş məlumatlar yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
Müvafiq icra hakimiyyəti orqanı iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
BOKT-un filialları və nümayəndəlikləri
BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-un filialı yalnız müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə əsasında açıla bilər.
Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-un filialı və hər iki növdən olan BOKT-un nümayəndəliyi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması barədə qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı, onların ünvanı və rəhbərləri (ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.
BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə görə tam məsuliyyət daşıyır.