Marketinq anlayışı

Marketinq anlayışı

Sadə şəkildə desək, marketinq elə bir fəaliyyət və üsullar prosesidir ki, insan məcburiyyət olmadan və könüllü olaraq firmanın malını və ya xidmətini almaq istəyir. Odur ki, biznesə başlamaq istəyən şəxs mütləq marketinqdən başlamalıdır. Yəni başlamazdan əvvəl onun məhsul, mal və ya xidmətinin son nəticədə satıla biləcəyini və sahibkara gəlir gətirəcəyini aydınlaşdırmalıdır. Doğrudur, marketinqin tərcüməsi bazar olsa da, o satış demək deyildir. Satış marketinq pilləkəninin yalnız üst pilləsidir. Yəni, biznesmen və ya onun bazar köməkçiləri elə etməlidirlər ki, mal asanlıqla, başqa sözlə desək, optimal qədər vaxt və pul sərf etməklə satıla bilsin.

Bunun üçün nə etmək lazımdır? İnsanın nəyinsə çatışmadığını duymaq hissi olan ehtiyacı öyrənmək lazımdır.

Tələbatı – yəni alıcıların şəxsiyyəti və mədəni səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacı öyrənmək lazımdır. Alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş tələbat olan tələbləri öyrənmək lazımdır.

Əmtəə – tələbatı, yaxud ehtiyacı ödəyə bilən və diqqətin cəlb edilməsi, alınması, istifadə, yaxud istehlak olunması məqsədi ilə bazara təklif olunan hər bir şeydir. Arzu olunan malın (əmtəə və xidmətlərin) kimdənsə alınması əvəzində ona hər hansı başqa bir şeyin təklif edilməsi, yəni mübadilə marketinq üçün əsas vacib hadisədir.

Sövdələşmə malın (əmtəə və xidmətlərin) iki tərəf arasında kommersiya mübadiləsidir. Sövdələşmə sözü bizi bilavasitə bazar anlayışına yaxınlaşdırır. Bazar – alıcı və satıcıların mübədilə məqsədi ilə görüşdükləri yerdir.

Deməli. marketinq – ehtiyac və tələbatın mübadilə vasitəsi ilə ödənilməsinə yönəldilmiş fəaliyyət növüdür.

Firma və ya hər hansı biznesmen məqsədlərinə çatmaq, mənfəət götürmək, satış həcmini genişləndirmək, yeni bazara daxil olmaq və mövcud bazarın həcmini artırmaq məqsədini güdür. Bu məqsədlə alıcılarla əlverişli münasibətlər yaradılması olduqca vacibdir.

Dövrü olaraq firma rəqibindən daha səmərəli və məhsuldar üsullara əl ataraq məqsədlərinə nail olmaq üçün bazarın təklif və təlabatlarını öyrənməklə arzu olunan mal və xidmətlər ilə bazarı təmin etməlidirlər.

"Təlabatları axtarıb tapın və onları ödəyin" "İstehsal edə biləcəyiniz məhsulu satmağa cəhd göstərməkdənsə, sata biləcəyiniz məhsulu istehsal edin" "Malı yox, müstərini sevin" "Qoy siz deyən olsun" ifadələrini, başlayacağınız işdə tətbiq etməyi unutmayın.